Sviter-donlara “Hə” deyirik!

Havalar soyuduqca hər birimizin belə böyük, yun sviterə ehtiyacımız olur. Əgər bu ehtiyac həm də mövsümün başlıca trendidirsə, onda heç uzatmağa gərək qalmır. Yollanırıq mağazalara!

Nə ilə, necə geyinək?

Əsas sual məhz belə səslənir. Onun isə çox asan və birmənalı cavabı var: təbii ki, uzun botfordlarla (yeri gəlmişkən, mövsümün daha bir dəbli yeniliyi). Amma əgər desəniz ki, ayaq boyum çox qısadır, yaxud doludur, onda, əlbəttə ki, digər variantlara müraciət etməli olacağıq. Mənim ən sevdiklərim bunlardır: topuğa qədər olan super-dəbli qış çəkmələri və idman ayaqqabıları. Dəbli corablar, fedora, loafer, dəri gödəkcə, uzun paltolar, enli şərflər də sviter-donların yaxın dostlarıdır.

Diqqət etməli olduğumuz məqamlar

Hədsiz dar sviter-donlar heç kimə yaraşmır. Onlarda dəb ab-havası da yoxdur. Dəbli sviter-don bel, çiyin nahiyəni və omba hissəni azca vurğulamalıdır. Diqqət et ki, seçdiyin don şəffaf olmasın və alt paltarı xətlərini üzə çıxarmasın. Rəng seçimində dəbli, eyni zamanda neytral çalarlara üstünlük ver: tünd yaşıl, qara, bej, bordo, ağ və s. Nəzərə al ki, material seçimi də çox önəmlidir. Çox nazik və keyfiyyətsiz parçalar tez boşalır və korlanır. Ona görə də bir mövsüm geyinəcəyini düşünüb, ucuza qaçmağa dəyməz. Onsuz, təcrübə göstərir ki, sviter-donlar hələ uzun müddət dəbdə qalacaq. Dəbdən çıxsa belə, canımızı isti saxladığı üçün onları hər zaman sevməyə və geyinməyə davam edəcəyik.

3 Mart 2016 Əlavə edildi, 708 Oxundu.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git